Tikinti sektorunun tənzimlənməsi ilə bağlı yeni qaydalar və cərimələr müəyyən edilir

Azərbaycanda tikinti obyektinin satışı ilə bağlı yeni qayda və icazəsiz tikinti ilə bağlı cərimələrin məbləği müəyyən edilir.

TIME Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.

Qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə görə, hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir.

Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə cərimələrin məbləği artırılır.

Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə, fiziki şəxslərin səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.
Hazırda isə bu pozuntuya görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Bununla yanaşı, Azərbaycanda tikintidə pozuntuların aradan qaldırılmasına verilən müddət azaldılır.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən təklif edilib.

Dəyişikliyə əsasən, bu müddət 2 ildən 1 ilə azaldılır. Belə ki, müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi söküləcək. Hazırda Məcəllədə bu müddət 2 il nəzərdə tutulur.

Eyni zamanda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən tikintiyə icazə alınması müddətinin də azaldılması təklif edilir. Belə ki, qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Dəyişikliyə əsasən isə bu müddətin 6 aya qədər azaldılması nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Leave a Reply