“Elektron xəstəlik vərəqəsi” sisteminə keçid gözlənilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən “Elektron xəstəlik vərəqəsi” (e-bülleten) informasiya sistemi hazırlanıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi, kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı böyük işdən uzaqlaşması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və dövlət büdcəsinin yükünə qənaət edilməsi məqsədi ilə həyata keçirilir .

Bu təşəbbüsə əsasən, tibb müəssisəsi tərəfindən yazılan və müvafiq tibb işçisinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş elektron xəstəlik vərəqəsi müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinətlərin təyin edilməsi və ödənilməsi üçün əsas olacaq. İşəgötürənlər üçün e-bülleten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində, tibb işçiləri üçün isə “e-Səhiyyə” portalı və mobil tətbiqində əlçatan olacaq.

Xəstəlik vərəqəsinin elektron sənəd şəklində formalaşdırılması müvafiq tibb müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və işəgötürənlər arasında məlumat mübadiləsi üçün avtomatlaşdırılmış məlumat mübadiləsi sistemindən istifadə etməklə həyata keçiriləcək. Proses iştirakçıları arasında qarşılıqlı informasiya mübadiləsi qaydaları bütün iştirakçılar üçün eyni olacaq və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi sənəd formasında təsdiq ediləcək.

“Elektron xəstəlik vərəqəsi” sisteminə keçid sığorta dələduzluğu hallarının minimuma endirilməsi, analitik hesabatların və tibbi məlumatların etibarlılığının artırılması, bu növ müavinətlər üzrə ödənişlər üçün dövlətin maliyyə xərcləri ilə bağlı proqnozların keyfiyyətinin yüksəldilməsi, həmçinin xəstəlik vərəqəsinin statusu barədə məlumatların “online” formatda vətəndaşlar və işəgötürənlər üçün əlçatanlığını təmin edəcək.

Elektron xəstəlik vərəqəsinin formalaşdırılması şərtləri və qaydaları səhiyyə sahəsində dövlət siyasətinin və hüquqi tənzimləmənin işlənib hazırlanması və həyata keçirilməsi funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılıb.

Leave a Reply