Aqrar sığorta üzrə müstəqil ekspert olmaq istəyənlər üçün təlimlər keçiriləcək

Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu prosesi aprelin 3-dən mayın 3-dək davam edəcək. Bu ilin may ayının 10-dan etibarən isə təlimlərə start veriləcək.

Təlimlər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası, kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası, və akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert olmaq istəyən şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur.

Təlimlərin müddəti kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə ekspert-namizədlər üçün 104 saat, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə ekspert-namizədlər üçün 40 saat, akvakultura məhsulları üzrə ekspert-namizədlər üçün isə 20 saat təşkil edəcək.

Təlimi müvəffəqiyyətlə başa vurmayan şəxslər aqrar sığorta fəaliyyəti üzrə müstəqil eskpert imtahanlarına buraxılmayacaq. Təlimlərdə iştirak etmək istəyənlər əlavə məlumat almaq üçün 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Leave a Reply