Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışları başlayır


Martın 9-da Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarına start veriləcək.

TIME bildirir ki, 9-12 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda 48 ölkədən 173 gimnast iştirak edəcək.

Yarışlarda Azərbaycanı Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.

Bakıda dörd gün davam edəcək Dünya Kuboku yarışlarının ilk iki günündə təsnifat mərhələləri, qalan günlərdə isə fərdi alətlər üzrə hərəkətlərdə qalib və mükafatçıların müəyyənləşəcəyi final mərhələləri keçiriləcək.

Həmçinin, dörd gün davam edəcək yarışın nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Leave a Reply