Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.
TIME bildirir ki, sosial şəbəkələrdə bu “qarətin” bir mesaj olduğu iddia edilir, video kameraların önündə baş vermiş silahlı insident daha çox təhlükəsizlik işçisinin qətlinə oxşayır, çünki adətən oğrular daha çox pul götürməyi düşünür, insan öldurməkdən çəkinirlər. Videoda isə görünür ki, cinayətkarlardan biri mühafizəçini öldürüb qaçır, ikincisi isə çantanı doldurmağa cəhd etmədən götürüb qaçır. İstənilən qarət öncədən planlaşdırılır və günün günorta vaxtı hər tərəfində kameralar quraşdırılmış market bankomatı ən pis ideyalardan biridir.
Baş prokurorluğun yaydıği rəsmi məlumata əsasən, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.
Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Ötən gün cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlardan biri Səbail rayonunda gizləndiyi mənzildə zərərləşdirilib, ikincisi isə paytaxtın mərkəzində Fəvvarələr meydanı yaxınlığında axşam saatlarında saxlanılıb. Cinayətkarların müşahidə kameralarının və müasir texnologiyaların ən çox quraşdırıldığı şəhər mərkəzində “gizlənmək” cəhdləri yenədə suallar doğurur.