Qida məhsullarının idxalı zamanı tələb olunan sənədlərin siyahısında dəyişiklik edilib

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar uyğunlaşdırma çərçivəsində bir sıra qanunlara və fərmanlara dəyişikliklər edilib, həmçinin bununla bağlı normativ hüquqi aktlar qəbul olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama olunan dəyişikliyə əsasən, bundan sonra gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı və onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələb olunmayacaq.

Ümumilikdə baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılacaq.

Həmçinin vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişin, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılması və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışı həyata keçiriləcək.

Leave a ReplyCancel reply