Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri yoxdur- RƏSMİ

Türkiyənin ərazisi və geoloji, seysmo-tektonik quruluşu Azərbaycanın ərazisindən fərqli olduğuna görə, orada baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına hər hansı təsiri yoxdur.

TIME bildirir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yerli qəzetlərdən birinə müsahibəsində deyib.

Onun sözlərinə əsasən, mərkəzdə respublika ərazisi fasiləsiz olaraq 84 ədəd seysmik stansiya tərəfindən monitorinq edilir.

“Bundan başqa, ölkə ərazisində seçilmiş poliqonlar üzrə qravimetrik, maqnitometrik, GPS stansiyalar vasitəsilə ölçmələr həyata keçirilir. Yer altında gedən prosesləri, litosferdə blokların sürətlərini və istiqamətlərini GPS stansiyalar vasitəsilə də izləyirik. Həmçinin, mərkəzdə geokimyəvi tədqiqatlar aparılır. Başqa sözlə desək, hazırda mərkəz tərəfindən kompleks seysmik-geofiziki-geokimyəvi tədqiqatlar aparılır. Mərkəz beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin seysmoloji mərkəzləri, universitetləri ilə yaxından əməkdaşlıq edir. Türkiyə Respublikasının DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Boğaziçi Universiteti, Kandilli Rəsədxanası, Kocaeli Universiteti ilə geniş əlaqələrimiz var və qardaş ölkədə baş verən zəlzələ ilə bağlı hər iki tərəfdən olan alimlər arasında tez-tez onlayn iclaslar keçirilir. Zəlzələnin başvermə səbəbləri, zəlzələ ocağının mexanizmi, Türkiyənin seysmik aktiv bölgələrindəki vəziyyət müzakirə olunur”, – deyə o qeyd edib.

Q. Yetirmişli onuda bildirib ki, bu il Şuşa şəhərinin yaxınlığında Türkiyə tərəfindən Azərbaycana hədiyyə olunacaq quyudubi seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur.

Bundan başqa, işğaldan azad olunmuş digər ərazilərimizdə də seysmik stansiyalar quraşdırılacaq.

Həmçinin, bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə beynəlxalq konfransın keçiriləcəyi planlaşdırılır ki, konfransda dünyanın 30-dan artıq ölkəsindən seysmoloq alim və mütəxəssislərin iştirakı da nəzərdə tutulur. “Konfransda qardaş Türkiyədə baş verən zəlzələ, onun başvermə səbəbləri, bu istiqamətdə aparılmış elmi-tədqiqatların nəticələrinə dair müzakirələr aparılacaq. Konfrans çərçivəsində xarici ölkələrdən olan seysmoloq alimlərin Qarabağa səfərini də təşkil etmək niyyətindəyik”,- deyə o qeyd edib.

Leave a Reply