Azərbaycanda məşğulluq sahəsində mütərəqqi təcrübələr tətbiq ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial xidmətlər sahəsində mötəbər beynəlxalq təşkilatlardan olan, ümumilikdə 160-dan çox üzvü özündə birləşdirən Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, son illər aparılan sosial islahatların tərkib hissəsi kimi, Agentliyin fəaliyyət sahələrində innovativ həllərin geniş tətbiqi, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, çevik və şəffaf təşkili təmin olunub.

Bu xidmətlərə əlçatanlığın və aktiv məşğulluq tədbirlərinin effektivliyinin, əhatə dairəsinin, əmək bazarında rolunun artırılması istiqamətində önəmli addımlar atılıb. Qeyd olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanır.

Avropa Sosial Şəbəkəsinə üzvlük Agentliyə bu Təşkilatın tədbirlərində, həmin  Şəbəkə üzərindən Avropanın və dünyanın məşğulluq sahəsində qabaqcıl təcrübələrinin mübadiləsi prosesində iştirak, yeni tərəfdaşlarla əməkdaşlıq imkanları qazandırır.

Həmçinin məşğulluq sahəsində dünyanın mütərəqqi təcrübələrinin ölkəmizdə tətbiqinə şərait yaradacaq, bu təcrübələrin tətbiqi Avropanın peşəkar ekspertləri tərəfindən analiz ediləcək, yeni proseslər üçün təklif və tövsiyələr veriləcək.

Leave a Reply