Qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar tibbi müayinədən keçməlidirlər

“Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərinin əməkdaşlarına dair tələblər müəyyən edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları (obliqat qrupları) ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Qanuna əsasən, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır.

Qida subyektlərinin vəzifələri işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etməkdir.

Əmək Məcəlləsinə də əsasən, qida sahəsində fəaliyyət göstərən işçi ilə əmək müqaviləsi bağlanılmamışdan öncə həmin şəxs tibbi müayinə keçməlidir. Tibbi müayinələr ilkin və dövri olmaqla iki yerə bölünür. İlkin tibbi müayinə işə başlamamışdan əvvəl, dövri tibbi müayinə isə iş zamanı əməkdaşların tibbi müayinəyə cəlb edilməsini tənzimləyir.

Qeyd edək ki, son zamanlar AQTA tərəfindən ictimai iaşə və ticarət obyektlərində aparılan yoxlamalar zamanı ən çox rast gəlinən pozuntu halları məhz obliqat qrupların tibbi müayinədən keçməməsi ilə bağlıdır. Agentlik bu kimi hallara qarşı ciddi tədbirlər  görülməsini bundan sonra da davam etdirəcəkdir.

Leave a Reply