Media subyektlərinin fəaliyyəti ilə bağlı sənədlər qəbul edilib

Azərbaycanda media subyektləri vergilərdən azad edilir.

TIME Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunur.

Eyni zamanda media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir.

Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmur.

Bununla yanaşı, Milli Məclisin bu gün keçirilən iclasında informasiya mənbəyini qanun yol verməyən halda açıqlamağa görə cərimə müəyyən edilib.

Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər 2000 manatdan 3000 manata qədər cərimə olunacaq.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Leave a Reply