Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
TIME Trend-ə istinadən bildirir ki, tələbələrin cənazələrini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Onların qohumları, yaxınları Hava Limanına toplanmışdı.
Xatırladaq ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında heç bir məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.
Zəlzələ nəticəsində həlak olan Gündüz Nəzərzadə Sumqayıt şəhər qəbirstanlığında, Hümam İsmayıllı isə Corat qəsəbəsindəki qəbirstanlığında dəfn ediləcək.
Hər iki tələbə ilə evlərində vida mərasimi keçiriləcək.
Qeyd edək ki, hadisə nəticəsində həlak olan tələbə Samir Quliyev Gədəbəy rayonunun İnəkboğan kəndində, Şahin Vəliyev isə Gəncə şəhərində torpağa tapşırılacaq.