Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov Türkiyədə zəlzələ bölgəsində xüsusi cihazla 14 nəfəri xilas edib.
TIME Trend-ə istinadən bildirir ki, “Trt Haber” kanalında bununla bağlı reportaj yayımlanıb. C.Xəlilov könüllü olaraq Kahramanmaraşda axtarış-xilasetmə işlərinə qatılıb.
Mütəxəssis bildirib ki, istifadə etdiyi cihaz dağıntı altını görüntüləmə xüsusiyyətlərinə malikdir.
Onun sözlərinə görə, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə və qarşılıqlı əlaqə imkanı yarada bilir.
C.Xəlilov ilk olaraq fevralın 9-da 17 yaşlı qızın xilas edilməsində fəal rol oynayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.