Uşaqlarda mədə-bağırsaq problemlərinin artmasının səbəbi nədir?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev nazirliyin sosial media hesablarına uşaqlar arasında qastroenteroloji problemlərlə bağlı gələn sualları cavablandırıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ekspert qış mövsumunda uşaqlar arasında ən çox yaşanan qastroenteroloji problemlərdən danışıb və valideynlərə tövsiyələr verib.

– Anar müəllim, qış mövsümünün gəlməsi ilə əlaqədar uşaqlar arasında hansı qastroenteroloji problemlərdə artım müşahidə olunur?

– Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusi ilə qeyd etmək istəyirəm. İlk növbədə kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırma salıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.

– Bəs qızdırmasalıcı dərmanlar necə istifadə olunmalıdır?

– Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır. Hərarəti salmaq üçün bütün dünyada əsasən Asetaminofen (Parasetamol) tərkibli dərmandan istifadə edilir.
Qeyd edim ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır. Xüsusi hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam edərsə 4-5 saat aralıqlarla verilməlidir. Əks halda qaraciyərdə funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb olub, vəziyyəti daha da ağırlaşdıra bilər.

– Uşaqlar arasında qastrit, reflüks kimi xəstəliyin səbəbi nə ilə əlaqədardır?

– Son zamanlar məktəb yaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb. Məktəb yaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.

Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müracət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.
Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri vardır. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.

Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur. Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur.
Uşaqlar arasında son vaxtlar telefon və kompyuterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompyuterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur.

– Bir qastroenteroloq kimi valideynlərə nə tövsiyə edərdiz?

– Əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməli. Parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir. Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir.
Uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər. Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, “fast-food” qidalardan mümkün qədər az istifadə etməsi tövsiyə olunur

Leave a ReplyCancel reply