Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən Zaqatala, Şəki, Balakəndə qar yağır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, şimal-qərb küləyi arabir Zaqatalada 25 m/s, Balakəndə 24 m/s, Naftalan, Qobustan, Şəkidə 22 m/s, Daşkəsəndə 20 m/s, Ceyrançöl, Tovuz, Gəncədə 18 m/s, Bakıda və Abşeron yarımadasında külək 20 m/s-dək güclənib.
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.