FHN-in Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitalında fasiləsiz xidmət davam etdirilir 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalı zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mobil səhra hospitalında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Leave a Reply