“Təhsil haqqında” Qanununda dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qanuna əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

– Aşağıdakı məzmunda 29.0.10-1-ci və 29.0.10-2-ci maddələr əlavə edilir:

“29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

29.0.10-2. orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;”.

***

Dövlət başçısı, həmçinin, müvafiq fərmanla “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıb:

– Müəyyən edilsin ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci və 29.0.10-2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir.

– “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.3-cü bəndinə “29.0.6-cı,” sözlərindən sonra “29.0.10-1-ci, 29.0.10-2-ci,” sözləri əlavə edilsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

– Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

– “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci və 29.0.10-2-ci maddələrinə uyğun olaraq, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiq etsin;

– “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 790-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Leave a Reply