Gündəlik rasionumuzda nə qədər duz olmalıdır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən böyüklərin gündə 5 qramadək duz istehlak etməsi tövsiyə olunur.

TIME Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məqaləsinə istinadən bildirir ki, 2-15 yaş arasında olan uşaqlarda bu miqdarın daha da aşağı salınması məsləhət görülür. İstehlak edilən bütün duzların isə yodlaşdırılması məqsədəuyğundur. Belə ki, yod uşaqlarda və gənclərdə beynin inkişafı, zehnin gücləndirilməsi üçün çox önəmlidir.

Qida rasionumuzdakı natrium mənbəyi daha çox süfrə duzu kimi bilinən natrium xloriddir. Natrium insan orqanizmində maye və elektrolit balansının, qan təzyiqinin tənzimlənməsində, sinir impulslarının keçiriciliyinin təmin edilməsində mühüm rol oynayır.

Amma həddindən artıq natrium istehlakı insan orqanizmində hipertoniya, insult kimi ürək-damar xəstəlikləri ilə yanaşı, mədə xərçəngi, böyrək xəstəlikləri, sümüklərdə mineral çatışmazlığı, obezlik və bu kimi bir sıra təhlükəli xəstəliklərə səbəb olur. Həmçinin bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır.

Təsadüfi deyil ki, ÜST ürək-damar xəstəliklərinin azaldılması məqsədilə 2025-ci ilə qədər duzdan istifadənin 30%-dək azaldılması təklifini irəli sürüb.

Tədqiqatlara əsasən, ölkələr arasında yemək vərdişlərindəki fərqlər həmin regionda olan istehlakçıların gündəlik duz qəbuluna təsir göstərir. Məhz bu səbəbdən hazırda ÜST-nin təşəbbüsü ilə dünya ölkələri qida rasionunda duzdan istifadənin azaldılması ilə bağlı müxtəlif strategiyalar, tədbirlər üzərində işləyir.

Bu çərçivədə ev şəraitində istifadə olunan duzun miqdarını tədricən azaltmaq, hazırlanan yeməklərə duz əlavə etməkdən çəkinmək, duzun əvəzinə ətirli ot, limon suyu, şərab, sirkə kimi ədviyyatlardan yararlanmaq, yemək masasında içərisində duz olan qab saxlamamaq, duzlu qəlyanaltıları istehlak etməmək, az natrium ehtiva edən qidaların istehlakını tədricən rasiondan çıxarmaq məsləhət görülür.

Eyni zamanda duzdan istifadəni azaltmaq məqsədilə qida və iaşə işçiləri üçün təlim proqramlarının hazırlanması və onların bu təlimlərə cəlb olunması, iaşə müəssələrində masalardan içərisində duz olan qabların və duz ehtiva edən ədviyyatların, məsələn, soyanın yığışdırılması, eləcə də əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədəuyğundur. 

Leave a ReplyCancel reply