Vahid normativ sənəd əsasında hərəkət etmək zəlzələ risklərinə qarşı bu gün ən real tədbir ola bilər.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş ümumrespublika elmi seminarda deyib.
Akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda çoxşaxəli seysmoloji tədqiqatların kompleks şəkildə (digər təşkilatları cəlb etməklə) aparılması üçün Dövlət proqramı hazırlamaq istiqamətində çalışmaq və bu vahid normativ sənəd əsasında hərəkət etmək zəlzələ risklərinə qarşı bu gün ən real tədbir ola bilər.
Seminarda Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ haqqında maraqlı elmi mülahizələrini bölüşüb.
Alim bildirib ki, dünyaya səs salan son zəlzələ hadisəsi bir daha göstərdi ki, insanlar həyatını zəlzələnin özünə görə yox, onun törətdiyi dağıntıya görə itirirlər. Yəni zəlzələ faktorunu nəzərə alıb dəqiq hesablamalar aparılmadan inşa edilən tikintilərin dağılmasına görə faciə baş verir.
“Nə qədər ki zaman, yer və güc baxımından zəlzələni proqnozlaşdırmaq mümkün deyil, yaşayış zonalarının seysmik risklər xəritəsini yaratmaq zəruridir. Bu işdə hətta sutkanın gecə və gündüz zamanı da nəzərə alınmalıdır. Çünki sutkanın gündüz vaxtından fərqli olaraq gecə saatlarında insan sıxlığı daha çoxdur”, – deyə alim qeyd edib.