Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Azərbaycanda başlanan genişmiqyaslı yardım kampaniyasına dəstək verir.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gündən etibarən “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır. Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.
Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etməri xahiş olunur. Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.
“Tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir. Yardım məqsədilə isti üst geyimi və alt paltarları, qış ayaqqabıları, əlcək,şərf və papaqlar, çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generator qəbul edilir. Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik”, – deyə “Azərpoçt”-un rəsmi məlumatında qeyd edilib.