Media reyestrində hansı jurnalistlər qeydiyyata alınacaq və media subyektlərinə hansı imtiyazlar veriləcək?

Media subyekti ilə əlaqəsi olmayan və müraciət dövründə jurnalist işləməyən Əməkdar jurnalistlər Media reysterində qeydiyyata alınmır.

TIME Trend-ə istinadən bildirir ki, bunu Mətbuat Şurasının toplantısında MEDİA Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, əməkdar jurnalistlər, sabiq jurnalistlərin qeydiyyatı o halda mümkündür ki, onlar Reyestrə mütaciət etdikləri vaxtda aktiv jurnalist fəaliyyəti ilə məşğul olsun: “Çünki onlar vaxtında jurnalist işləsələr də hazırda işləmir. Yəni hazırda media subyekti ilə əməkdaşlıq etməyən şəxs jurnalist kimi Media reysterində qeydiyyata alına bilməz”.

Ə. İsmayılov həmçinin bildirib ki, hazırda Mətbuat Şurasında işləyən şəxslər də jurnalist hesab edilmədiyindən onlar da Media reysterində qeydiyyata alınmayacaq.

Qurumun rəhbəri onuda qeyd edibn ki, Azərbaycanda media reyestrindən keçməyən media qurumu fəaliyyət göstərə bilməyəcək.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün media qurumları reyestrdən keçməlidir.

“Biz bununla bağlı media subyektlərinə 6 ay müddət müəyyən etmişik. Azərbaycanda media subyekti fəaliyyətini bəyan etməlidir. Fəaliyyətini bəyan etmək üçün də həmin qurum media reyestrindən keçməlidir. 6 ay müddətində hansısa media subyekti media reyestrindən keçmirsə, biz həmin qurumu aşkarlayıb onun barəsində məhkəməyə müraciət edəcəyik”, – icraçı direktor qeyd edib.

Bununla yanaşı bildirilib ki, artıq redaksiyalarda çalışan redaktorlar və şöbə müdirləri də media reyestrində jurnalist kimi qeydiyyata alınacaqlar.

Ə. İsmayılov bildirib ki, bununla bağlı MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşü keçirilib, məsələ həllini tapıb.

“Bu, “Media haqqında” qanundakı problem deyil. Bu, media qurumlarının redaksiyada vəzifələri düzgün qeyd etməməsi ilə əlaqədardır. Çünki həmin reaksiyalarda texniki şöbələr də var ki, oranın əməkdaşları jurnalist deyil. Media Reyestrinə daxil olan məlumatlarda bu şəxslərin vəzifəsi şöbə müdiri kimi göstərilib. Həmin şöbə müdiri ipoteka üçün hər hansısa bir banka müraciət edəndə bank işçisi onun kim olduğunu bilmir və problem yaranır.
Biz bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət etdik və nazir, onun komandası bizə yol göstərdi, biz də problemi aradan qaldırdıq. Artıq redaktorlar və şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar”.

Eyni zamanda qeyd edilib ki, telekanallarda operator və digər texniki işçilər media reyestrində jurnalist kimi qeydiyyata alınmır.

MEDİA-nın rəhbəri bildirib ki, həmin şəxslərin jurnalist kimi qeydiyyata alınması düzgün deyil: “Qanunda yazılıb ki, media təmsilçisi başqadır, jurnalist başqa. Məsələn, televiziyalarda operator vəzifəsində işləyənlər media təmsilçisi ola bilər. Amma onlar jurnalist deyillər. Televiziya jurnalistlərinin sujet hazırlamasında onların da rolu var. Amma bu, jurnalist olmaq deyil. Ona görə də həmin şəxslər jurnalist kimi qeydiyyata alınmayacaq”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Əhməd İsmayılov deyib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq.

Ə.İsmayılov bildirib ki, agentliyin biznes subyektləri və sahibkarlarla görüşü nəzərdə tutulub.

“Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazım olduğunu və qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa biləcəyini müzakirə edək. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin görüşlərini təşkil etmək istəyirik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik”, – deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda media subyektləri vergidən azad edilir.

Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilir.

Bununla yanaşı media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilir.

Leave a Reply