Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliklərə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə aşağıdakı məzmunda 29.5-ci maddə əlavə edilməsi nəzərdə tutulub:
“29.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsi kirayəçinin istifadəsinə verildiyi tarixdən kirayə hüquq münasibətlərinə xitam verilənədək bu Məcəllənin 38-ci, 43–47-ci və 119–145-ci maddələri üzrə çoxmənzilli binanın sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələr həmin kirayəçiyə verilir. Kirayəçi bu Məcəllənin 43.2.1–43.2.3-cü və 125.2.6-cı maddələri ilə müəyyən edilmiş sahə mülkiyyətçisinə məxsus hüquq və vəzifələri, o cümlədən bu Məcəllənin 125.2.12-ci, 125.2.13-cü və 125.3-cü maddələri ilə müəyyən edilmiş ümumi əmlaka sərəncam verilməsinə dair sahə mülkiyyətçisinin səlahiyyətlərini yalnız yaşayış sahəsinin mülkiyyətçisinin yazılı razılığı əsasında həyata keçirə bilər.”.