Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb bu ayın əvvəlində Nazirlər Kabinetinə təqdim olunub.
TIME Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yeni qanun dövlət satınalmalarının effektivliyini və şəffaflığını təmin edəcək.
“Bundan sonra bütün satınalmalar elektron qaydada aparılacaq ki, bu da sahibkarların tenderlərdə iştirakı hesabına biznesin inkişafına töhfə verməklə yanaşı, satınalmalarda iştirak məbləğinin azalmasına gətirib çıxaracaq. Eyni zamanda ötən il etender.gov.az portalın fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər aparıldı və platformanın istifadəçi interfeysi yeniləndi”, – o deyib.
M.Abbasbəyli elektron portalın Mərkəzi Bankın elektron zəmanətlər reyestri ilə inteqrasiyasının tamamlandığını qeyd edib.
“Növbəti mərhələdə vergi arayışlarının Dövlət Vergi Xidməti ilə, daha sonra isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektlərinin reyestri ilə inteqrasiyası nəzərdə tutulub”, – o əlavə edib.
Bununla yanaşı, Rəqabət Məcəlləsinin qəbulu ilə pozulmalarla bağlı tətbiq olunan maliyyə sanksiyaları və cərimələr sərtləşdiriləcək.
Dövlət Xidmətinin rəisinin sözlərinə əsasən, maliyyə sanksiyalarının məqsədi dövlət büdcəsinə vəsait cəlb etmək deyil.
“Bu addım gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını almağa yönəlib. Cərimə subyektin qanun pozuntusu nəticəsində əldə etdiyi gəlirdən artıq olmasa o bu hüquq pozuntusunu təkrarlayacaq. Sanksiyaların sərtləşdirilməsində əsas məqsəd həmçinin gələcəkdə bu cür pozulmaların qarşısının alınmasından ibarətdir”, – o deyib.
M.Abbasbəyli hazırda sənədin müvafiq dövlət qurumunda baxışdan keçirilməkdə olduğunu və gözlənildiyi kimi yaxın gələcəkdə Milli Məclisə təqdim olunacağını əlavə edib.
Xidmət rəisi onuda bildirib ki, 2022-ci ildə Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan 5570 müraciətə baxılıb, bunlardan 2260 müraciət təmin olunub. 2021-ci illə müqayisədə müraciətlərin sayının 7,6%, təmin olunmuş müraciətlərin isə 30,7% artıb.
“Nəticədə pozulmalara yol vermiş sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 318 min manat qaytarılıb, 20 min manatadək zərərin əvəzi ödənilib. Vətəndaşlar tərəfindən daxil olan müraciətlərin araşdırılması zamanı təqdim olunan sübutlar əsasında 12 hüquqi və 3 fiziki şəxsə qarşı inzibati hüquq pozuntusuna dair protokollar tərtib olunub”, – o deyib.
Abbasbəyli həmçinin baxılan müraciətlərin 54 faizinin (2977 müraciət) mallarla, 39 faizinin (2187 müraciət) isə xidmətlərlə əlaqəli olduğunu, yeddi faizinin (406 müraciət) isə digər istiqamətlərdə olduğunu əlavə edib.