Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşıladılar.
Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək görüşü olub.
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü olub.