İcarəyə verilən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi aradan qaldırılır

Torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi aradan qaldırılır.

TIME Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, qanun layihəsi “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan (o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən) istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsini məqsədilə hazırlanıb.

Belə ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılınası, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasına ehtiyac yaranmışdır. Layihədə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda bu sahə üzrə torpaq istifadəçilərinin və təsərrüfatların qeydiyyatı EKTİS vasitəsilə aparılır, həmçinin dövlət dəstəyinin tətbiq edilməsi üçün zəruri informasiyaların sistemə daxil edilməsi təmin olunur.

Bununla da torpaqların istifadəsi ilə bağlı ayrı-ayrı qurumların işinin EKTİS üzərindən vahid yanaşma ilə əlaqələndirilmiş formada təşkili həyata keçiriləcək, torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatların daşınmaz əmlakın dövlət reyestrindən EKTİS-ə real vaxt rejimində ötürülməsi təmin ediləcək, icarəçilərin (istifadəçilərin) rahatlığını təmin etmək üçün müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarının tanınması daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tələbi götürülməklə birbaşa EKTİS-ə daxil edilməklə tənzimlənəcək.

Bununla yanaşı, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi ilə bağlı tələblər sərtləşdirilir.

”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklik sənədində qeyd edilir ki, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılacaq.

Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil ediləcək.

Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Leave a Reply