“Gömrük tarifi haqqında” Qanununa yeni maddələr əlavə edilib

Prezident İlham Əliyevin qərarına əsasən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa yeni maddə əlavə edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük idxal rüsumundan azad edilir.

Qanunda digər dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.

Dövlət başçısının digər qərarına əsasən Nazirlər Kabinetinə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.23-cü maddəsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi tapşırılıb.

Leave a Reply Cancel reply