Məlahət İbrahimqızı: Fəxri fərman verilən şəxs bir aydan sonra yeni rəhbər gəlib deyə ixtisara düşür

İş yerlərində bu gün üçün mövcud olan işçi ixtisarları süni şəkildə baş verir.

TIME Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ən çox əziyyət çəkilən məsələlərdən biri iş yerlərindən ixtisarlarla bağlıdır: “Xahiş edirəm ki, plana uyğun olaraq ən azı dövlət qurumlarından, müvafiq nazirliklərdən siyahı alaq ki, heç olmasa son bir ildə orada nə qədər işçi ixtisarı olub? Əvvəl işsizlik problemi var idisə, bu gün işçi ixtisarları ilə bağlı şikayətlərlə qarşılaşırıq. Bu da süni ixtisarlardır. Fəxri fərman və ya təşəkkürnamə verilən şəxs bir aydan sonra yeni rəhbər gəlib deyə ixtisara düşüb. Səbəb də odur ki, səninlə işləmək istəmirəm. İxtisar olunmuş insanların da problemləri ilə bağlı ya ictiami dinləmə və ya müvafiq qurumlarla müzakirə keçirək”.

Deputat əlavə edib ki, 65 yaşı tamam olan müəllim, həkimlər avtomatik işdən çıxarılır: “Halbuki Avropada həkimləri 70 yaşına qədər saxlayırlar. Həkim 65 yaşından sonra harada işləsin? Həkim 320 manat pensiya alır. Bununla necə yaşasın? Pensiyaya çıxan müəllim və tibb işçilərinin ehtiyac olan bölgələrdə işlə təmin olunmasını təklif edirəm”.

Komitə sədri Musa Quliyev M.İbrahımqızının çıxışına cavab olaraq bildirib ki, yaş limitinə qarşıdır: “Əgər həmin şəxs işində peşəkardırsa, fəaliyyətini davam etdirə bilər və kimsə də buna mane ola bilməz. Yaz sessiyası müddətində keçirilməsi nəzərdə tutulan əmək münasibətləri ilə bağlı dinləmələrdə bu məsələni də qaldıra bilərik”.

Leave a ReplyCancel reply