1 yanvar 2023-cü ildən etibarən Gürcüstan və Qazaxıstan Respublikalarında qeydiyyatdan keçmiş nəqliyyat vasitələri üzrə müraciət edən şəxslərə Azərbaycan Yaşıl Kartlarının təqdim edilməsi prosesi başlanılıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, yerli sığorta sektorunun beynəlxalq müstəvidə təmsil olunması imkanları daha da genişlənmiş, sektor digər ölkələrə sığorta xidmətlərini ixrac etməyə başlayıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı sığorta sahəsində islahat tədbirlərini davam etdirməklə yanaşı əldə edilən nəticələrin ictimaiyyətə kommunikasiyasını davam etdirəcək.
Qeyd edək ki, Azərbaycanda avto-icbari sığorta sinfi üzrə qanunvericiliyinin davamlı inkişafı və tətbiqi 2015-ci ildən etibarən yerli sığorta sektorunun beynəlxalq yaşıl kart sisteminə inteqrasiya olunmasına imkan vermişdir. Sığorta sektorunun bu sahədə nümunəvi beynəlxalq reputasiyası formalaşmış, onun beynəlxalq yaşıl kart sistemindən faydalanması üçün yeni imkanları yaranıb.
Ötən dövr ərzində Azərbaycan və Türkiyə Respublikasının Yaşıl Kart sığorta sistemlərinin inteqrasiyası həyata keçirilmişdir. Bununla da ölkəmizdə qeydiyyatda olan avtomobillər Türkiyə Respublikasına, həmçinin Türkiyə Respublikasında qeydiyyatda avto-nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olarkən Yaşıl Kartın etibarlılığının elektron qaydada müəyyən edilməsi imkanı yaradılıb. Bu inteqrasiya dünya ölkələri üzrə ilk və nümunəvi təcrübə olmaqla yanaşı, saxta Yaşıl Kart sığorta şəhadətnaməsi ilə sərhədlərin keçilməsinin qarşısını alıb.
Beynəlxalq Yaşıl Kart üzrə Bürolar Şurasının 56-cı Assambleyasında Azərbaycan Milli Yaşıl Kart Bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosunun (Büro) fəaliyyəti yüksək qiymətləndirilmiş, beləliklə 10 illik keçici hüquqlu üzvlük müddəti tamamlanmadan, 5 il müddəti bitdikdən sonra Büro tam hüquqlu üzv statusu əldə edib.
Tam hüquqlu üzv olmağın yaratdığı imkanlardan biri də Yaşıl Kart sisteminə qoşulmamış ölkələrdə Azərbaycan Sığortaçılarının Yaşıl Kartlarının sığortalılara təqdim edilib.