Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 10-u saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə fevralın 27-si saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasında Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı istiqamətlərində 3 Lot üzrə martın 7-si, Bakı-Quba-Bakı istiqamətində 4 Lot üzrə 10 mart, Bakı-Qusar-Bakı istiqamətində 4 Lot üzrə 14 mart, Bakı-Qusar-Bakı və Bakı-Xudat-Bakı istiqamətləri 4 Lot üzrə 17 mart 2023-cü il tarixində müsabiqə keçirilən zaman komissiya tərəfindən açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.