Metropoliten 20 yanvar günü xüsusi tədbirlər planı həyata keçirəcək

1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Bu tarixi əziz tutan və heç vaxt unutmayan metropolitençilər hər il 20 Yanvar tarixini xüsusi mərasimlərlə qeyd edir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu dəfə də yanvar ayının 20-si – Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Qanlı yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

Bu məqsədlə yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilərək, müvafiq işlər görülüb.

Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.

Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər. Qeyd edək ki, ölkəmizdə şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək.

Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.
Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında “20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.

Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən radiorabitə vasitəsilə səsləndiriləcək.
Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.

Metropolitenin çoxminlik kollektivinin nümayəndələri gün ərzində şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edəcək. Onu da əlavə edək ki, 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi – İlqar Qarayev və Əflatun Kazımov da var.

Şəhidlərimizin xatirəsi əbədi olaraq əzizdir. 

Leave a Reply