Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif edilir.
TIME Trend-ə istinadən bildirir ki, bu təkliflə deputat Sədaqət Vəliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
S.Vəliyeva həmçinin nikah müqaviləsi ilə bağlı da dinləmələr keçirilməsini təklif edib. “Biz nikah müqaviləsinin adını dəyişib, evlilik anlaşması kimi qanunvericiliyə daxil etməliyik. İkincisi bizim ailə məhkəmələrinə ehtiyacımız var. Mövcud məhkəmələrin ailənin niyə dağılması ilə maraqlanmağa vaxtı yoxdur”, – deyə o qeyd edib.
Komitəsinin sədri Hicran Hüseynova parlamentdə komitə iclasında çıxışı zamanı, Ailə Məcəlləsində erkən yaşda nikah sözünün tərifinin verilməsi və nikah yaşının bir yaş aşağı salınmasının səbəblərinin göstərilməsi zərurəti yarandığını qeyd edib.
O bildirib ki, bununla bağlı qanunvericilik layihəsi təklifi komitə tərəfindən aidiyyəti üzrə göndərilib.
Komitə sədri uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac olduğunu deyib.
H. Hüseynova onuda bildirib ki, Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir.
“Eyni zamnda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”, – deyə o qeyd edib.