Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iclasları keçirilir təmsil olunur

Bu gün, yanvarın 17-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) daimi komitəsinin və reqlament üzrə işçi qrupunun iclasları keçirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirdə Milli Məclisin deputatları – QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev tədbirlərdə iştirak edirlər.

İclaslarda qurumun nizamnamə sənədlərində dəyişikliklər və parlament məclisinin 30 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Deputatların səfəri yanvarın 18-də başa çatacaq.

Qeyd edək ki, hazırda təşkilat 12 ölkədən ibarətdir: Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna.

QDİƏT-in əsas məqsədi region ölkələri arasında aşağıdakı sahələrdə hərtərəfli əməkdaşlığı stimullaşdırmaqdan ibarətdir: ticarət və iqtisadi inkişaf; bank və maliyyə; əlaqə; enerji; nəqliyyat; Kənd təsərrüfatı; səhiyyə və əczaçılıq; ətraf mühitin mühafizəsi; turizm; Elm və Texnologiya; statistik məlumatların və iqtisadi məlumatların mübadiləsi; gömrük və sərhəd fəaliyyəti; mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin, silahların və radioaktiv materialların qanunsuz dövriyyəsinə, terrorizmə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə.

Leave a Reply