Azərbaycan Respublikası Prezidenti müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
- orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;
- orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;
- orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manat.
“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:
- 400 manat təqaüd alanların təqaüdünün məbləği 500-dək
- 350 manat təqaüd alanların təqaüdünün məbləği 400-dək
- 300 manat təqaüd alanların təqaüdünün məbləği 330-dək
Azərbaycan Prezidentinin digər fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.
“20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 5; 2020, № 12 (I kitab), maddə 1493) 1-ci hissəsində “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilsin.
Azərbaycan Prezidentinin digər fərmanına əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1040; 2010, № 9, maddə 771; 2011, № 12, maddə 1139; 2013, № 8, maddə 896; 2016, № 1, maddə 64; 2018, № 5, maddə 936; 2019, № 1, maddə 91; 2020, № 12 (I kitab), maddə 1487) 1-ci hissəsində “500 (beş yüz)” sözləri “600 (altı yüz)” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanlardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.