İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar sosial sığorta haqlarını 100 faiz geri alacaqlar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə yerli telekanallardan birinə müsahibəsində qanunvericilik aktlarına dəyişikliklər, onların əhatə dairəsi barədə məlumat verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, nazirliyin rəsmisi “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərdən bəhs edərək, muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özlərinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulduğunu qeyd edib.

““Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100 faiz subsidiyalaşdırılacaq. Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsindən subsidiyalaşdırılması dövlət və neft-qaz, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilməyəcək”, – deyə o qeyd edib.

N.Vahabzadə onuda bildirib ki, hazırda subsidiyaların verilmə qaydaları hazırlanır. Subsidiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdimedilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

“Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət etməlidirlər. Qaydaların layihəsinə əsasən, subsidiyanın verilməsi məqsədilə sığortaedənin ərizəsində qeyd edilmiş məlumatlara əsasən işçilərin əmək müqaviləsi bildirişində faktiki iş yerinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində olmasının və həmin rüb üzrə təqdim edilmiş bəyannamə məlumatlarında işçilərin məlumatlarının əks olunub-olunmaması yoxlanılacaq. Yekunda subsidiya məbləği sığortaedənin müraciətində qeyd etdiyi bank hesablarına köçürüləcək. Əgər sığortaedən qeyd olunan dövrü ötürərsə, növbəti rüb üçün müəyyən edilmiş müddət ərzində cari və əvvəlki rübə aid subsidiyanın verilməsi üçün müraciət edə bilər. Növbəti rübdə hesabat təqdim olunan son gündən keçən 30 gün müddətində həm cari, həm də əvvəlki dövr üzrə subsidiya üçün müraciət etmək nəzərdə tutulur”, – deyə o qeyd edib.

Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə edilib. Həmin ərazilərdə işləyən  mütəxəssis – peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının  işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxsdir.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi nəzərdə tutulur.

Leave a Reply