Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası təsdiq edilib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar gəbul edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qərara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi müraciətin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində bu Qaydanın tələbləri nəzərə alınmaqla ekspertiza haqqını hesablayır və sifarişçiyə hesab-faktura və elektron qaimə təqdim edir.

Ekspertiza haqqı obyektlər üçün layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğindən və ya layihənin ümumi smeta dəyərindən asılıdır və aşağıdakı şərtlərə uyğun müəyyən edilir:

1) 2 (iki) min manata qədər olduqda – bütün məbləğin 6 (altı) faizi;

2) 2 (iki) min manatdan 20 (iyirmi) min manata qədər olduqda – 1-ci şərt + hər növbəti 2 (iki) min manat üçün əlavə 25 (iyirmi beş) manat;

3) 20 (iyirmi) min manatdan 200 (iki yüz) min manata qədər olduqda – 1-ci şərt + 2-ci şərt + hər növbəti 20 (iyirmi) min manat üçün əlavə 70 (yetmiş) manat;

4) 200 (iki yüz) min manatdan yuxarı olduqda – 1-ci şərt + 2-ci şərt + 3-cü şərt + hər növbəti 200 (iki yüz) min manat üçün əlavə 150 (yüz əlli) manat;

Təqdim edilmiş sənədlərdə imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müraciətin qeydiyyata alındığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq, Agentlik bütün çatışmazlıqlar barədə sifarişçini məlumatlandırır. Çatışmazlıqların aşkar edilməsi ekspertiza haqqının hesablanmasından imtinaya səbəb olmur, bu zaman ekspertiza haqqının hesablanması ilə bağlı müddətin axımı dayandırılır və sifarişçi tərəfindən həmin çatışmazlıqlar məlumat aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.

Sifarişçi aşkar olunmuş catışmazlıqları qeyd olunan müddətdə aradan qaldırmadıqda, Agentlik müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində sifarişçiyə təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.

Qeyd. Ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi üzrə torpaqayırma sənədlərinin ekspertiza haqqı istehsalat və sənaye təyinatlı torpaqlara münasibətdə minimum əməkhaqqının 2 (iki) misli, digər hallarda minimum əməkhaqqının 1 (bir) misli məbləğində müəyyən edilir.

Leave a Reply