Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi çərçivəsində “Əməkdaşlıq şərtləri haqqında Saziş” imzalanıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu saziş strateji tərəfdaşlığın əsas sənədidir və iki şirkət arasında daha öncə imzalanmış memorandum çərçivəsində əməkdaşlığın başlıca şərtlərini müəyyən edir.
Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.
“Bu layihənin həyata keçirilməsi həm Qazaxıstan, həm də Azərbaycan üçün çox vacibdir. Bu, Qazaxıstan və Asiya ölkələri üçün şəbəkənin bağlantısını və etibarlılığını artıran yeni alternativ marşrut, Azərbaycan üçün isə regional rəqəmsal mərkəzə çevrilmək deməkdir. Tarixən mövcud olan İpək Yolu rəqəmsal formada dirçəlir və bu marşrut yüzlərlə terabit məlumatın buraxılışını təmin edəcək.
Bu, bütün marşrut boyunca məlumatların saxlanılması və emalı infrastrukturunun inkişafını sürətləndirəcək. Asiya və Avropa arasında informasiya axınının Azərbaycan və Qazaxıstan üzərindən keçməsi regionda rəqəmsal biznesin inkişafı üçün yeni imkanlar yaradacaq”, – deyə “AzerTelecom” şirkətinin əməliyyat üzrə Baş direktoru Sergey Nazarenko bildirib.