Mərkəzləşdirilmiş Kredit Reyestrində yeni imkan yaradılıb

Ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda Mərkəzi Bank üzrə müəyyən edilmiş tədbirlərin, həmçinin “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsində müəyyən edilmiş hədəflərin icrası təmin olunmaqdadır.

Bu sahədə aparılan işlər çərçivəsində Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılmış və cari ilin 10 yanvar tarixindən istifadəyə verilmişdir.

Belə ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Leave a Reply