İmtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər başlayır

Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 7174 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur.

2023-cü il fevralın 10-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 7174 zal nəzarətçisinin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Təlimlər: 

– nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq;

– şəxsi anket məlumatlarını dəqiqləşdirmək;

– onlara imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı prosedur qaydalarını mənimsətmək;

– imtahan iştirakçıları auditoriyasının – imtahan zalının idarə olunmasında professionallığın əldə olunması baxımından mühüm olan məqamları izah etmək;

– imtahanın gedişində rast gəlinəcək problemlərin həlli yollarını izah etmək;

– nəzarətçi–iştirakçı, nəzarətçi–imtahan rəhbəri münasibətlərinin tənzimlənməsində əsas tutulmalı qaydaları onların diqqətinə çatdırmaq;

– xüsusi hallarda onların operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaq məqsədilə keçirilir.  

Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması- zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. 

Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14791 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.

Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz. Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin adlı siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.

Leave a Reply