Bakı və ətraf qəsəbələrin bəzi binalarında istilik təminatında problemlər var.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində və Nizami rayonunda istilik təminatında fasilə yaranıb. Əhali “Azəristiliktəchizat” ASC-in rəsmi Facebook səhifəsində narazılığını bildirib.
“Azəristiliktəchizat” ASC-in mətbuat katibi Elvin Basqallı Trend-ə açıqlamasında bildirib ki, bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub.
“Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq”, – deyə mətbuat katibi qeyd edib.