“Müharibə veteranı” adı və vəsiqəsini necə almaq olar?

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara “Müharibə veteranı” vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir.

Bildiririk ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Bundan başqa 1188 nəfər vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Leave a Reply