Bakı Metropolitenində bayram günlərində sərnişinlərə hansı sürprizlər hazırlayıb?

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günü sərnişin axını nəzərə alınaraq dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2.5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq.

“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, dekabr 31-i şənbə, sonrakı qeyri-iş günlərində isə bazar gününə uyğun cədvəllərdən istifadə etsinlər.

2023-cü il yanvar ayının 1-nə keçən gecə Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə çıxacaq şəhər sakinləri və qonaqların maraqları nəzərə alınaraq, Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq. Bu səbəbdən bütün stansiyalar yanvar ayının 1-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qatarlar sonuncu sərnişinlər metropoliten stansiyalarını tərk edənə qədər xətlərdə hərəkət edəcək.

Bayram ərəfəsində ənənəyə uyğun olaraq, Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar bayram münasibətilə “İçərişəhər” stansiyasında nümayiş etdirilir.

Bakı metropolitenində təşkil edilmiş Yeni il şənliklərinə Muğam üçlüyü və simli kvartetin çıxışları xüsusi rəng qatıb. Konsert proqramı dekabrın 29 “İçərişəhər”(10:30-12:00), “Sahil” (11:13:00), “28 May”(12:30-14:00) və  “Elmlər Akademiyası” (13:30-15:00)stansiyalarında təşkil edilib. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim olunub. Hər stansiyada konsert proqramı 1 saat 30 dəqiqə davam edib.
Musiqiçilər Azərbaycan və dünya musiqi sənətinin incilərini, folklor nümunələrini ifa ediblər. Konsert proqramı dekabrın 30-da da davam etdiriləcək.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri, şəhərimizin qonaqları və azyaşlı sərnişinlərə unudulmaz anlar yaşadan bayram şousu başlanıb.

İki gün davam edəcək bu sosial layihə çərçivəsində Yeni ilin əsas qəhrəmanları Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gəliblər. Musiqili improvizasiya fonunda sirk ustalarının canlandırdığı cizgi film personajları və nəhəng oyuncaqlar tədbirə gəlmiş uşaqlara əyləncəli anlar yaşadıblar. Sehrbazın məharəti isə azyaşlı sərnişinlərin ovqatını daha da yüksəldib.

İki saatdan artıq davam edən əyləncəli tədbirdə metropoliten əməkdaşları uşaqlara yeni il sovqatı təqdim ediblər.

“Bakı Metropoliteni” QSC-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə sosial layihələri çərçivəsində ənənə halını almış daha bir tədbir keçirilib.

Vətənpərvərliyi, ictimai fəallığı ilə seçilərək sevilən mədəniyyət xadimi, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadə bu dəfə də metropolitenin “İçərişəhər” stansiyasında azyaşlı sərnişinlərin görüşünə gəlib.

Onun şən zarafatları, xoş davranışı bayram tədbirinə xüsusi ab-hava bəxş edib.
“Bakı Metropoliteni” QSC Bəhram Bağırzadənin qələmə aldığı və yeni nəslin məlumatlılığının, biliklərinin artmasında xüsusi rol oynayacaq “Şuşa, “Bakı” və “Futbol” adlı kitablarını müəllifin balaca oxuculara öz imzası və arzuları ilə hədiyyə etməsi və bu xüsusda müəlliflə fotoşəkillərin çəkdirilməsi onlara bir ömürlük xatirə kimi qalacaq.

Bəhram Bağırzadənin azyaşlı sərnişinlərlə budəfəki görüşü də şən, maraqlı söhbətlərlə yekunlaşıb.

Leave a Reply