Qanunvericilikdə vəkillik və ekosidlə bağlı hansı dəyişikliklər ediləcək?

Azərbaycanda “Vəkillər və vəkillik haqqında” Qanununun təkmilləşməsi ilə bağlı təkliflər hazırlanıb.

TIME Trend-ə istinadən bildirir ki, bunu bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, kollegiyada bu barədə təkliflər hazırdır: “Biz istəyirik ki, qanun bu günün tələblərinə cavab versin, daha təkmil olsun. Hazırda bununla bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır”.

A. Bağırovun sözlərinə əsasən, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflər hazırlanır.

Sədr qeyd edib ki, dəyişiklik ekosid barədədir: “Bilirsiniz ki, ermənilər tərəfindən Azərbaycan ekologiyasına böyük zərər dəyib və bu proses davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Buna görə də kollegiyanın tərkibində fəaliyyət göstərən cinayət hüququ qrupu müvafiq təkliflər hazırlayıb. Təklif edirik ki, Cinayət Məcəlləsinə ekosid adlı maddə əlavə edilsin. Əgər çox ciddi, uzun sürən ekoloji terror aşkarlanarsa, belə bir maddə ilə məsuliyyət yaransın. Azərbaycan Cinayət Məcəlləsində belə bir maddənin olması gələcəkdə ekosidin baş verməsinin qarşısını ala biləcək. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə müsbət cavab verəcək və Cinayət Məcəlləsinə belə bir maddə əlavə ediləcək”.

Leave a Reply