Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa edilib – VİDEO/FOTO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilib. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Xocasən-Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında  tikilib.   

İki giriş-çıxışdan ibarət keçidin layihə üzrə ümumi uzunluğu 30 metr, daxili eni 3.8 metr, pilləkənlərin eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqsız metal konstruksiyadan ibarətdir. 

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi aparılıb, piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb. 

Hazırda keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılır.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Leave a Reply