Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq – Ceyhun Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

TIME Trend-ə istinadən bildirir ki, tədbirdə nazir 2022-ci il Azərbaycanın dünya ölkələrində təmsilçiliyinin genişlənməsi baxımından önəmli il olduğunu qeyd edib.

“Azərbaycanın İsraildə və Albaniyada yeni səfirlikləri təsis edilib. Bundan öncəki ildə qəbul edilmiş qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Vatikanda, Bosniya və Herseqovinada səfirləri təyin olunub. Bu il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb”, – nazir bildirib.

Nazir onuda qeyd edib ki, Azərbaycan və Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri 2022-ci ildə də uğurla davam edib.

“Azərbaycanla Rusiya münasibətləri də uğurla davam edib. Gürcüstanla da dostluq və əməkdaşlıq gündəliyi sabit olmaqla yanaşı, pozitiv davam edib. 2022-ci ildə, həmçinin, Azərbaycanla dost, qardaş olan Mərkəzi Asiya ölkələri ilə intensiv münasibətlər oldu”, – deyə nazir qeyd edib.

Cari il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatında iştirakı haqda bəhs edərək C. Bayramov təşkilat tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində tam dəstək ifadə olunduğunu bildirib.

“Bu il, həmçinin, Avropa İttifaqı ilə yeni ikitərəfili sazişlərlə bağlı danışıqlar davam etdirilir. Yeni müsbət nəticələr var”, – deyə nazir əlavə edib.

Daha sonra nazir nəqliyyat-kommunikasiya sahəsində görülən işlərdən danışıb.

O qeyd edib ki, bu il bu sahədə böyük işlərə start verilib.

“İl ərzində Rusiya-Azərbaycan-İran arasında yüksək səviyyəli işçi qrupu iclasının Bakıda keçirilməsini qeyd edə bilərik. Cari il ərzində Azərbaycan, həmçinin, humanitar yardıma dəstək faəliyyətini davam etdirib. Bu sahədə xüsusi olaraq Pakistana edilən böyükhəcmli yardımı qeyd etmək istərdim”, – deyə nazir əlavə edib.

C. Bayramov Azərbaycan-Ermənistan münasibətləri haqda bəhs edərək Moskvada keçirilməli olan üçtərəfli görüşün növbəti raundunun Ermənistan tərəfindən pozulduğunu qeyd edib.

“Ümumilikdə, keçirilən bu görüşlərdə əldə olunan proqress məhduddur. Bunun əsas səbəbi Ermənistan tərəfinin atdığı qeyri-konstruktiv addımıdır”, – deyə nazir bildirib.

Nazirin sözlərinə əsasən, 2023-cü ilin əvvəlində Azərbaycan tərəfindən Ermənistana qarşı ətraf mühitə, canlı təbiətə vurulan ziyana, təbii yataqlarımızın istismarına dair yeni iddialar irəli sürüləcək.

Bununa yanaşı, o qeyd edib ki, qanunsuz silahli birləşmələrin Qarabağdan çıxarılması Ermənistanın öhdəliyidir.

“Biz danışıqlar zamanı bu məsələni qaldırırıq və qaldırmağa da davam edəcəyik. Bu, həqiqətən də Ermənistanın öhdəliyidir və o, bu öhdəliyi pozur. Ermənistan buna paralel olaraq, bölgədə davamlı gərginlik yaradır. Bir çox hallarda Qarabağda gərginliyə səbəb qanunsuz silahlı birləşmələrin oradakı fəaliyyətidir”, – nazir deyib.

Qarabağda yaşayan etnik ermənilərdən bəhs edərək C. Bayramov qeyd edib ki, Azərbaycan dəfələrlə onların Azərbaycanda yaşamaq hüququnun olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu dialoqun aparılmasına açıqdır.

“Bu istiqamətdə bir sıra addımlar atılır və bu, davam edəcək. Məqsədli şəkildə kimlərsə bu prosesə müdaxilə edirsə, ləkəli keçmişə malik olan insan bölgəyə göndərilirsə, bu, prosəsə vurulan zərbədir. Azərbaycan bunun qarşısını almaq iqtidarındadır və alacaq da”, – deyə nazir qeyd edib.

C. Bayramov onuda bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan İranla artıq Araz çayı üzərində körpü tikintisinə başlayıb.

Onun sözlərinə görə, Azərbaycanın Zəngilandan Naxçıvana alternativ yolu olacaq.

“Azərbaycan çox müstəqil siyasət həyata keçirən bir dövlətdir. Milli maraqlarımızı istənilən halda irəliyə aparacağıq, – deyə nazir vurğulayıb.

Leave a Reply