Yeni ildən televiziya kanallarının reytinqi elan ediləcək

26 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının  2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

TIME bildirir ki, tədbirdə Şura sədri İsmət Səttarov 2022-ci il ərzində Şuranın həyata keçirdiyi fəaliyyətdən danışıb.

Sədr bildirib ki, ötən həftə yerli kanallara ortalama izləmə müddəti 4 saat olmaqla 5 milyon 251 min adam baxıb.

“Türk kanallarına ortalama baxışı 2 saat olmaqla 3 milyon 500 min adam baxıb. Rus kanallarına ortalama baxış müddəti 30 dəqiqə olmaqla baxış sayı 1 milyon 550 min olub. Əhalinin 25 faizi isə digər platformaları izləyib”.

Şura sədrinin sözlərinə görə, sosial şəbəkələrdə yerli kanallara baxanların sayının az olduğu bildirilir, lakin iri reklamın televiziya kanallarında yayımlanması ilə bu üst-üstə düşmür.

“Gələn ilin əvvəlindən televiziya kanallarının reytinqi Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək”, – deyə o qeyd edib.

Şuranın sədri “Media haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı qanunvericilikdəki yeniliklər, tənzimləmə, proqramların monitorinqi, yayıma texniki nəzarət, HD yayıma keçid, reklam bazarı, televiziya reytinqlərinin yeni ölçüm sistemi, “Reklam haqqında” Qanuna dəyişikliklərə dair təkliflər, audiovizual media bazarında yeni ictimai birlik, audiovizual industriya araşdırmaları, piratçılıqla mübarizə, yeni radio yayımçılar və ümumən radio yayımın əhatə zonasının genişləndirilməsi məsələləri, yeni audiovizual media fəaliyyəti olan platforma yayımçılarına verilən lisenziyalar, habelə TDT-na daxil olan ölkələrin forumu – TBRAF haqqında geniş məlumat verib.

Leave a Reply