Bu günün sualı: “Həyatınıza ən çox kim təsir edir?”

Bugünki sual “Who are the biggest influences in your life?” oldu, yəni “Həyatınıza ən çox kim təsir edir?”

Sizə deyim insanın fərqli yaş dövrlərində ona təsir edən insanlar və amillər dəyişir. Körpəlik dövründə bizə birbaşa təsir edən və həyatımızı təmin və idarə edən anamızdır. Böyüdükcə ailə üzvlərinin rolu və təsir dərəcəsi artır.

Yeniyetməlik dövründə gənclərə ən çox dostlar təsir edir. Yetkinləşdikcə və artıq ailə qurduqca insanlara onların həyat yoldaşları və yeni ailələri təsir edir.

Birazda sonra cəmiyyət, ictimai qınaq təsir edir. Sonra həyatımızın keyfiyyətinə övladlarımız, onların nailiyyətləri və uğursuzluqları, həyatlarında baş verən hadisələr, onların bizə olan yanaşması təsir edir.

Daha sonra insan digər insanlara (hətta ən yaxınlara qarşı), onların yanaşmasına, düşüncələrinə, qınaqlarına artıq immunitet qazanır.

Yaşlandıqca isə əksər hallarda ən çox təsir edən amillər ümumi sağlamlıq vəziyyətimiz, ruhumuzun dincliyi və maqnit qasırğaları olur.

Lakin istənilən yaşda bizdə emosiyalar doğuranlar, güldürüb-ağladanlar (kitab, musiqi və aktyorları çıxmaqla), ürəyimizə yaxın buraxdıqlarımız, bizim həyatımıza ən çox təsir edənlərdir.

Aynur Vəliyeva

Leave a Reply