Əməkdar incəsənət xadimi Oruc Qurbanov vəfat edib

Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov dekabrın 23-də 73 yaşında vəfat edib.

Qurbanov Oruc İzzət oğlu 1949-cu ildə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda “Dram və kino aktyorluğu” ixtisası üzrə təhsil alan O.Qurbanov 1979-80-ci illərdə Moskvada görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali teatr rejissorluğu kursunu bitib.

1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərmiş, onlarla teatr, radio və televiziya tamaşalarına quruluş verib. 

2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışan O.Qurbanov ömrünün son günlərinə kimi bu sənət ocağında quruluşçu rejissor kimi əmək fəaliyyətini davam etdirib.

O.Qurbanov teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. O, on iki cildlik roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir.

Görkəmli teatr rejissoru Oruc İzzət oğlu Qurbanovun işıqlı xatirəsi onu sevənlərin yaddaşından heç vaxt silinməyəcək.

Allah rəhmət eləsin!

Leave a Reply