İxtisaslı işçi qüvvəsinin artırılması əsas hədəflərimizdəndir – Sahil Babayev

Azərbaycanda məşğulluq sahəsinin elektronlaşmasının genişləndirilməsi və gənclər arasında peşəyönümlü məsləhətləşmə təcrübəsinin tətbiq edilməsi nəzərdə tutulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gələcəyə hazır ol” karyera inkişaf forumu zamanı çıxışında onuda qeyd edib ki, məşğulluq xidməti 60 mindən çox ailə üçün kiçik biznesin yaradılmasına dəstək verib.

“Bu 4 il ərzində əmək müqavilələrinin sayında 400 mindən çox artım olub. Görüləcək kifayət qədər işlər hələ də qarşıdadır. Qarşımızda yeni çağırışlar dayanır. Muzdlu işləyən işçilər arasında ixtisaslı işçilər azdır. İxtisaslı işçi qüvvəsinin artırılması əsas hədəflərimizdəndir”,- deyə o əlavə edib.

Nazir qeyd edib ki, təhsil müəssisələrində yuxarı siniflər üçün daimi peşəyönümlü məsləhətləşmələr keçirilə bilər.

“Peşəyönümlü məsləhət xidmətinin əhəmiyyəti növbəti illərdə daha da artacaq. Gəncləri nə qədər tez bu istiqamətə yönləndirsək, bir o qədər çox irəliləyiş əldə edərik”,- deyə nazir əlavə edib.

O, eyni zamanda bildirib ki, bu ilin sonuna qədər 140 xidmət elektron platforma üzərindən vətəndaşlara təqdim ediləcək, gələcəkdə isə xidmətlərin 90 faizi tam elektronlaşdırılacaq.

“Bunun böyük hissəsini məşğulluq xidmətləri təşkil edir. Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq. Növbəti ildə bunun qanunvericilik qaydasında da təsdiq etməyə başlayacağıq və beləliklə kağız əmək kitabçalarına ehtiyac qalmayacaq”,- deyə S.Babayev əlavə edib.

Leave a Reply