Azərbaycanda Top 10 ən populyar qida məhsulları

Azərbaycanın qonaqpərvərliyi, süfrə mədəniyyəti və milli mətbəx ənənələri artıq bütün dünyaya məlumdur. Ölkəmizdə demək olar ki, evdə yemək kultu ənənəsi qorunub saxlanılıb və bunun nəticəsi olaraq hazırda Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin 51,7% məhz ərzaq məhsullarının payına düşür.

Zəngin milli mətbəximizin saysız hesabsız biri-birindən ləzzətli yeməkləri ət və toyuq məhsullarının, un və təzə tərəvəzlərlə miksini təşkil edir. Bu gözəl yeməklər arasında mütləq ekonom menyuya aid olan müxtəlif şorbalar, lobya, gül kələm və ya toyuq çığırtması,küki, toyuq buğlaması, ciyər qovurması, düşbərə, gürzə, qutab, əriştə, xənqəl kimi yeməkləri qeyd etməliyik, çünki artıq plov, yarpaq və kələm dolması, piti, küftə və parça bozbaş kimi yeməklər ətin bahalaşması fonunda bayram və xüsusi günlər menyularına aid olmağa başlayır.

Beləliklədə, Azərbaycanda Top 10 ən çox tələbat olan qida məhsulları siyahısına çörək, şəkər, kartof, təzə meyvə, bitki yağları, unlu qənnadı məmulatlar, quş əti və onun əlavə məhsulları, təzə tərəvəz, şokolad və şokolad məhsulları, kərə yağı daxildir.

Rəsmi statistikaya əsasən, bu ilin üç rübündə ötən illə müqayisədə qeyd edilən məhsulların idxalı artıb. Baxmayaraq ki, bütün qeyd edilən məhsullar Azərbaycanda istehsal edilir, ölkəmizə buğda idxalı 112,1 faiz, şəkər 90,5%, kartof 104,1%, təzə meyvə 110%, bitki yağları 92,9%, unlu qənnadı məmulatlar 111,4%, quş əti və onun əlavə məhsulları 112,6%, təzə tərəvəz 71,6%, şokolad və şokolad məhsulları 94,8%, kərə yağı idxalı 130,2% artıb.

Onuda qeyd etmək lazımdı ki, çörəyin qiyməti son bir ildə 126,2%, qənd, cem, bal, şokolad kimi məhsulların qiyməti 115,2%, tərəvəzlər 153,9%, meyvələr 119,6%, kərə və bitki yağları 118,8%, ət və ətməhsulları 115,1%, çay, qəhvə, kakao 105,6%, süd və süd məhsulları, yumurta 115,9% bahalaşıb.

Çörək, kərə yağı, ət, balıq son zamanlar yetərincə bahalaşdığı üçün əhali arasında bitki yağlarına, tərəvəzlərə, toyuq ətinə, un və un məmulatlarına tələbat artıb.

Qeyd edək ki, əhalisi daha çox kafe və restoranlarda qidalanan Avropa ölkələrində son zamanlar ev yeməklərinə meyillilik müşahidə olunub. Qida məhsulları aldıqda onlar daha çox çörəyə, yarmalara, marqarinə, kartof yeməklərinə, hazır yeməklərə, bitki yağlarına, tərəvəzlərə, donuz və balıq ətinə üstünlük verirlər.

Aynur Vəliyeva

Leave a Reply