Azərbaycanda cinsi ayrı-seçkiliyə görə pozuntular ən çox məişət zorakılığı ilə bağlıdır.
TIME bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, 2021-ci ildə məişət zorakılığı ilə bağlı 2197 cinayət qeydə alınıb və bu cinayətin hər beşindən biri qısqanclıq zəminində baş verib. Komitə sədri vurğulayıb ki, 10 min hüquqazidd əməllərin qarşısı alınıb və bu cinayətlərin qarşısı alınmasaydı, vəziyyət daha pis olardı.
B. Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən onuda qeyd edib ki, qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir.
“Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq. Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna halları aradan qaldırsaq, erkən nikah ifadəsi bizim dilimizdən çıxarılacaq”, – deyə o qeyd edib.