Atanın sizin həyatınızda rolu?

Əslində bugünki sualın quruluşu biraz başqa idi: “Talk about your father or a father figure in your life”, yəni “Atanız və ya ata figurunun həyatınızdakı rolu haqqında danışın”.

Hər bir qadının həyatında atanın böyük rolu var, hətta atanın yoxluğununda özünə görə rolu var. Atalarımız bizə dayaqdır, arxalandığımız qayadır, bizə ilk özgüvən hissi bəxş edən kişidir.

Psixoloqların fikrincə qız uşaqlarına onların şahzadə olduğuna inamını həyatlarının ilk illərində məhz atalar yaradırlar və bu baş verirsə onlar bütün ömürləri boyu bu hiss ilə yaşayırlar, daxillərində özlərinə məhz atalarının gözü ilə baxırlar.

Mənim atam orta statistik atalardan biraz seçilirdi, məni qız uşağı olduğum üçün stereotiplərlə məhdudlaşdırmırdı, lakin bununla yanaşı özünəməxsus tərzdə müəyyən davranışların, tərzlərin qəbuledilməz olduğunu yetərincə dəqiq və anlamlı şəkildə çatdırırdı, bu onda o qədər yaxşı alınıb ki, müəyyən çərçivələr və davranış qaydaları şuuraltıma işləyib.

Atam mənə sözümü, fikrimi deməkdən çəkinməməyi, mütaliyyə etməyi, özgənin malına əl uzatmamağı, biznesin əsaslarını, pul saymağı, patriotizmi, uduzmağı, oyuna qapılmamağı, insanlara o qədərdə inanmamağı və əşyalara bağlanmamağı, ailəyə sadiq olmağı, pürrəngi çay və köpüklü qəhvə dəmləməyi, çətin günlərdə belə kiçik bayramlar yaradaraq sevinməyi öyrədib.

O, bütün bunları mənə həyatı boyu nümunələrlə, masaüstü oyunlarda, zarafatlarla, davranışı ilə öyrədib.

Leave a Reply